5G virusa səbəb olur. Lakin o düşündüyünüz virus deyil.

Psixologiyada “neofobiya” adında bir termin var. “Neofobiya” – yeni təcrübələrə və dəyişikliyə qarşı duyulan qorxu hissi mənasını verir. Elmi cəhətdən sübut edilmişdir ki, belə qorxu hissləri insanların genində mövcuddur. İnsanlar məhz bu qorxuya görə, doğulandan sabitliyə can atırlar. Dünya sivilizasiyaları ayrı-ayrı şəxslərin, yaxud bütün cəmiyyətin həyat tərzinə və düşüncəsinə əsaslı şəkildə təsir göstərən belə dəyişikliklərə həmişə kəskin reaksiya göstərir, hətta onlara qarşı çıxır. Tarixdə baş verənlər buna birbaşa sübutdur. İnsanlar yeniliklərlə daim çox sərt mübarizə aparırlar. Məsələn, fərqli düşüncə sahibləri olan qabaqcıl mütəfəkkirlərin və elm adamlarının edam üsullarının qəddar formalarının geniş yayılması təsadüfi deyil: onların odda yandırılması, şaqqalanması, canlı olaraq dərinin soyulması, boyunlarının vurulması və s. Yenilik insanları həmişə çaxnaşmaya salıb.

Hazırda insanlar bütün dünya ölkələrini bürüyən koronavirus epidemiyasından çox narahatdır. Bəşəriyyət dəfələrlə buna oxşar hallarla üzləşib. Vəba, təbii-çiçək, taun, ispan qripi kimi epidemiyalardan sağ çıxan nəsillər artıq yaşlanıblar və ya bizi tərk ediblər. Bu səbəbdən epidemiya ilə mübarizə təcrübəsi təbii olaraq, yeni nəsillər üçün təzə haldır. Adi həyat tərzini kəskin və sürətli şəkildə dəyişmək məcburiyyəti hamını stressə, təlaşa salmışdır. Stress altında rasional düşünmək və təhlil etmək çətindir. Böyük korporasiya maqnatları, insanların bu cəhətindən yaxşı xəbərdardır və istədikləri vaxt bundan faydalanırlar.

Öz növbəsində, bu hal, hər hansı bir yeniliklə əlaqədar, o cümlədən 5G texnologiyası ilə bağlı gülünc mübahisələrə səbəb olmuşdur


İlk növbədə, “Axı, 5G nədir?” sualına cavab vermək daha düzgün olar.

Bunu aydınlaşdırmaq üçün mürəkkəb elmi terminlərdən və ya qəliz riyazi hesablamalardan istifadə edə bilərik. Nəticədə bu yanaşma mücərrədliyə gətirib çıxardar, bu da əsəbləri daha da gərginləşdirmək, stressi çoxaltmaq deməkdir. Əksinə, məzmunu yaxşı başa düşmək üçün təxəyyülümüzdən istifadə edib sadə, hamının başa düşə biləcəyi formadan faydalanacağıq. Dahi alim Albert Eynşteyn bir vaxt söylədiyi kimi, “təxəyyül və fantaziya qabiliyyətim mənim üçün bütün abstrakt düşüncə bacarığımdan daha çox əhəmiyyət kəsb edir.”

Lakin əvvəlcədən bildirim ki, riyazi düsturlar və elmi terminlərsiz deyilən bütün məlumatlar elmi cəhətdən qeyri-dəqiq olsa da, mövzunun mahiyyətini bu cür daha tez anlamaq mümkün olacaq. Mən elm adamı, fizik deyiləm, elmi müzakirə aparmaq niyyətim də yoxdur.

Belə ki, bir sərhədsiz, qaranlıq məkanda kiçik parlaq nöqtəni xəyalınıza gətirin. Bu nöqtənin ətrafında ona bağlı olan sahə var. Bu sahə çox böyük məsafələri əhatə edir. Nöqtədən uzaqlaşdıqca sahənin təsiri azalır. Ancaq heç bir halda bu təsir sıfıra enmir.

Xəyal edək ki, bu nöqtə məkanda bir anlıq hərəkət edir. Bu hərəkət nəticəsində – ona bağlı sahə də yerini dəyişir. Lakin sahənin ölçüsü çox böyük olduğundan yerini tez dəyişdirə bilmir. Yerdəyişmə dalğavarı mərkəzdən kənarlara doğru istiqamət götürür. Sanki zəncirvarı reaksiya baş verir. İlk öncə yerdəyişmə nöqtəyə daha yaxın yerdə olur, sonra isə məsafə artımına uyğun şəkildə dəyişmə davam edir. Biz bu effekti kiçik bir göldə də müşahidə edə bilərik. Əgər gölə daş atsaq, suyun səthində daşın düşdüyü yerdən kənarlara doğru hərəkət edən dalğaların yarandığını görərik.

Gəlin bu kiçik nöqtə ilə daha yaxından tanış olaq və onun adını bilək. Onun adı elektrondur. Qaranlıq məkan isə bizim kainatdır. Elektrona bağlı sahəyə elektrik sahəsi deyilir. Azacıqda olsa, fizikaya müraciət edək. Elektron – kiçik mənfi elektrik yüküdür. Elektrik sahəsinin köməyi ilə digər mənfi yüklü elektronları özündən itələyir. Ancaq müsbət yüklü proton, tam əksinə elektron tərəfindən cəzb edilir və beləliklə, bizim kainat atomları yaradır.

kvant mikroskopu ilə görünən hindrogen atomu

Bu yerdə fizikadan ayrılaq və təxəyyülümüzə qayıdaq. Nümunəmizdən aydın oldu ki, elektronun hərəkəti zamanı elektrik sahəsi dalğavarı hərəkət edir. Elektron hərəkətsiz, sabit qaldıqda onun ətrafında ancaq elektrik sahəsi mövcud olur. Lakin elektron hərəkətə gələn an onun ətrafında elektrik sahəsi ilə yanaşı maqnit sahəsi də yaranır. Bu sahələrə birlikdə elektromaqnit sahəsi deyirlər. Hərəkət zamanı yaranan dalğalar isə elektromaqnit dalğalarıdır (başqa adla desək elektromaqnit şüalanmasıdır). Bu dalğalar elektrondan işıq sürəti ilə uzaqlaşır. Fiziklərin dostu Eynşteynə inansaq, heç bir cisim işıq sürətini aşa bilməz. Təsəvvür edək ki, elektron hansısa səbəbdən sağa-sola durmadan hərəkat etməyə başlayır. Əlbəttə ki, bu hərəkət elektromaqnit dalğalarının yaranmasına səbəb olacaq. Elektron saniyədə 5 dəfə titrəsə, bir-birinin ardınca 5 elektromaqnit dalğası yaranacaq. Elmdə buna, dalğaların tezliyi deyilir.

elektromaqnit şüalanması (dalğaları)

Qısaca olaraq yuxarıdakı suala cavab versək – 5G, 4G, 3G, 2G müxtəlif tezlikli elektromaqnit dalğalarıdır.


Qoy işıq olsun!

Həyatımızda musiqi mühüm rol oynayır. Yəqin ki, özünüz bunun fərqinə varmısınız. Müxtəlif kompozisiyalar fərqli olaraq şüurumuza təsir edir. Musiqi sakitləşdirməyi, ilham verməyi, sevgini artırmağı, ən yaxşı insani keyfiyyətləri və hətta bəzi hallarda nifrəti oyatmağı bacarır. Ancaq musiqiyə elmi nöqteyi-nəzərdən baxsaq, sadəcə eşitmə orqanı tərəfindən qəbul edilən adi səsdir. Səs də dalğalardır, ancaq mexaniki şəkildə havada yayılır. Bu dalğalar qulağımıza çataraq xüsusi eşitmə orqanlarının titrəməsinə səbəb olur və nəticədə eşitmə sinirlərinin beyinə ötürdüyü elektrik siqnalları meydana gəlir. Beyin bu siqnalları səs kimi qəbul edir.

Gözlərimiz də qulaqlarımız kimi hiss orqandır. Ancaq fərq gözlərimizin elektromaqnit dalğalarını qəbul etməsidir. Qulaqlarımız səs dalğalarını musiqiyə çevirdiyi kimi, gözlərimiz də elektromaqnit dalğalarını görüntülərə çevirir. Elektromaqnit dalğaların köməyi ilə rəngləri, cisimlərin formasını və insanların təsvirini görürük. Elektromaqnit dalğaları insanlara gözəllik verir. Sadəcə oyanan hissləri beyin özü yaradır.

Elektromaqnit dalğaları bizi hər yerdə, həm xaricdə, həm də daxildə əhatə edir. Alimlərin qənaətinə görə, bədənimiz 30 trilyon hüceyrədən ibarətdir. Yüz trilyonlarla atomdan ibarət hüceyrələr isə saniyədə 7000 kimyəvi reaksiyalardan keçir. Artıq atom hissəciklərinin elektromaqnit dalğalarının mənbəyi olduğunu öyrəndik. Belə çıxır ki, biz özümüz də elektromaqnit dalğaları yayırıq. Sanki bir radio stansiyası kimi.

Söhbətimizə bir qədər say əlavə edək. Dalğaların tezliyi “Hers” (Hs) ilə ölçülür. Məsələn, saniyə ərzində bir dalğa törəyərsə, bu 1 Hs edir. Saniyədə 10 dalğa – 10 Hs edir. Ağırlığı ölçərkən bilirik ki, 1 kiloqram 1000 qramdır. Eyni ilə KHs (kiloHers) min, MHs (meqaHers) milyon, GHs (giqaHers) milyard və THs (teroHers) trilyon Hersdir. Elektromaqnit dalğaları səs dalğaları kimi Hers ilə ölçülür.

Bir məlumatı da sizə çatdırım ki, gözümüz elektromaqnit dalğaların ancaq kiçik diapazonunu görə bilir. 789-380 THs arasında yerləşən tezliyə uyğun olan elektromaqnit dalğalarına “görünən işıq” və ya sadəcə “işıq” deyirlər. Maraqlısı odur ki, əgər hər hansı bir cisim 405 THs tezliyində işığı əks etdirirsə, onda biz bu cismi qırmızı rəngdə, 680 THs tezliyində olarsa, bənövşəyi rəngdə görəcəyik. Yeddi rəngin hər biri 7 fərqli tezlikdə yayılan elektromaqnit dalğasıdır.

Deyə bilərsiniz ki, axı, işıq fotonlardan ibarətdir. Foton elektromaqnit sahəsinin kiçik bir hissəsi, zərrəciyidir. Həyat olmayan səhranı təsəvvür edin. Səhra saysız-hesabsız kiçik qum dənəciklərdən ibarət olduğu kimi, elektromaqnit sahəsi də sonsuz sayda fotonlardan ibarətdir. Elektromaqnit dalğaları yayılan zaman önünə çıxan atomlar ilə qarşılaşdıqda, onlar tərəfindən qismən sorularaq enerjiyə, yəni istiliyə çevrilirlər və qismən də əks oluna bilərlər. Əgər fotonlar cisimdən əks olunursa, onda əks olunan fotonlar gözlərimizə çatdıqda biz həmin cismi görürük.

Gözlərimizin görmədiyi aşağı tezlikli dalğalar var. Belə dalğalar radiodalğaları, mikrodalğalar və infraqırmızı dalğalar (infraqırmızı şüalalar) sayılır. Elektromaqnit spektrında radiodalğalar ən zəif şüalanmadır və siyahıda birinci gəlir. İnfraqırmızı şüalanmanı görməyimiz mümkün olmasa da, onu istilik kimi hiss edirik. Odun yanında dayanan zaman, alovun istiliyini sezdikdə, infraqırmızı şüalarının təsirini hiss etmiş oluruq.

Həmçinin yüksək tezlikli dalğalar da var və bunlar da gözümüzə görünmür: ultrabənövşəyi, rentgen və qamma şüaları. Bu dalğalar insan sağlamlığı üçün təhlükəlidir, okeanlarda yaranan sunami dalğaları şəhər və kəndləri dağıtdığı kimi, bu dalğalar da insan hüceyrələrinə dağıdıcı təsir göstərir. Tezliyi 10 kvintilyon Hersdən böyük olan qamma şüaları molekulların quruluşunu məhv edə, elektronları atomlardan qoparda bilir. Həmçinin hüceyrələrimizdə gen daşıyıcısı olan DNT-ləri də məhv edə bilər.

elektromaqnit spektr

Ancaq hər kəs tərəfindən nifrətə səbəb olan 5G texnologiyası, yəni 5-ci nəsil mobil rabitə 600MHz-100GHz arasında yerləşən radiodalğalardan istifadə edir. Bu isə adi işıqdan 8000 dəfə daha zəifdir. Bu diapazonda olan radiodalğalar, insan hüceyrələrinə təsir edə bilməyən zəif elektromaqnit dalğalarıdır.

Radiodalğalarının yuxarı tezliyində yerləşən mikrodalğalı şüalanmaya məruz qaldıqda bədən temperaturu çox az sayda arta bilər. Yalnız həddindən çox uzun müddət dayanmadan təsir göstərsə, temperaturun qalxmasına gətirib çıxardacaq və son nəticədə şüalanan yerdə yanıq izləri yaranacaq. Qorxulu səslənsə də, gün işığı da eyni təsiri göstərmirmi? Bədənimizi isidir, ancaq yay fəslində dənizdə gün altında çox qalsaq, dərimiz yanmırmı, qaralmırmı? Bunun üçün günlər, aylar lazım deyil, bir neçə saat bəs edir ki, dərimiz yansın.

Bəs mikrodalğalı sobalarda yerləşdirdiyimiz yemək tez bişir, məgər insanlara o dalğalar eyni cür təsir göstərmir? Sobaların daxilindəki divarların səthi dalğaları əks etdirən xüsusi materialdan hazırlanır. Yəni sobadakı yeməyə xüsusi qurğu vasitəsi ilə buraxılan şualar dəfələrnən divarlardan əks olunub geriyə – yeməyə təsir edir. Adi həyatda eyni effekt çox nadir hallarda baş verə bilər. Radio dalğalar divarların, önünə keçən bir çox cismin, hətta bizim bədənimizin içindən keçib öz hərəkətinə davam edir.

Qeyd edim ki, mobil rabitəsi üçün istifadə edilən tezlik mikrodalğaların başlama səddinə qədərdir və bizə təsir göstərmək ehtimalı yox dərəcəsindədir.

Radio dalğalarının virus xəstəliyinə səbəb ola biləcəyini düşünmək çox qəribə haldır. Zərərli dalğalar insanlara mənfi təsir göstərdiyi kimi, viruslara da mənfi təsir göstərir.

Əgər 5G siqnallarından və ya digər radiodalğalardan qorxursunuzsa, unutmayın ki, gün işığı ətrafımızda olan hər şeyə dəfələrlə çox gücdə təsir edir. İşıq, radiodalğalarından daha güclüdür, ancaq ondan gizlənmək mümkün deyil. İşıq hər zaman olub və həmişə də olacaq.


5G nə üçün lazımdır?

Əvvəlcə qeyd etmək lazımdır ki, 5G infrastrukturunun yaradılması xeyli miqdarda pul tələb edir. 2020-ci ilin sonuna kimi 2,7 trilyon dollar xərcləmək planlaşdırılır. 4G texnologiyası ilk dəfə 2012-ci ildə istifadəyə verilib, o vaxtdan artıq 8 il keçib. Rabitə sistemlərinin guya yenilənməsi lazımdır və bu səbəbdən düz yerdə 5G texnologiyası üçün bazarın tələbatı yaradıldı.

Biz bunu hiss etməsək də, rabitə texnologiyasının yenilənməsinə tələb olan məbləğ sonunda ciblərimizdən, vergi ödəyicilərinin ciblərindən çıxacaq. 5G antenaları quraşdırmağı öhdəsinə götürən mobil operatorları, etdikləri xərcləri müştərilərin pulları hesabına geri qaytaracaq.

Həqiqətən də 5G-ə ehtiyacımız varmı? Düşünürəm ki, cihazlarınızın paytaxtdan uzaqlaşdıqda rabitə siqnalları xeyli zəiflədiyininin fərqinə varmısınız. 4G bağlantısı 3G-yə dəyişir, bəzən internet sürəti daha da azalır, hətta ekranın yuxarısında EDGE nişanını da görmək olar. Düşünmürəm ki, ölkəmizdə bütün ərazi yüksək sürətli internetlə əhatə olunub. Evdə qoşulan internetin keyfiyyəti haqqında heç danışmağa dəyməz. Azərbaycanda 5GB həcmli mobil internetin qiyməti 10 manatdır. 4G internet bağlantısının yüksək sürət limiti 150MB/s-dır. 5G internet bağlantısının sürəti isə 100GB/s qədər qalxa bilər, yəni 4G-dən 100 dəfə çoxdur. Yəni YouTube-da 100 dəfə daha çox video baxacaqsınız, və ya Instagram-a 100 dəfə çox selfi şəkilləri göndərəcəksiniz? Təsəvvür edin ki, 10 manat ödədiyiniz 5GB bir saniyə ərzində istifadə edilə bilər. Görəsən 5G üçün real qiymət nə qədər olacaq? Ola bilsin ki, hər gün onlarla 4K ölçülüsündə filmlərə baxacaqsınız? Bu gün bir çoxunuz HD (2k) ölçülü televizor və ya monitora sahibdir, bu da öz yerində UHD-dən (4K) 4 dəfə azdır. Kiçik smartfon ekranlarında baxdığınız videolar 4K oldu, və ya 2K oldu, çoxmu fərq edəcək sizin üçün?


Bəs niyə bu gün, hətta bir il sonra belə yüksək sürətli rabitəyə ehtiyacımız var?

Cavab çox sadədir – “ağıllı” şəhərlərin, o cümlədən “ağıllı” telefonların (smartfonların), “ağıllı” saatların, “ağıllı” televizorların geniş şəkildə istifadəsi, evlərimizdə və avtomobillərimizdə avtomatik idarəetmə sistemlərinin tətbiqi (“ağıllı” ev, “ağıllı” avtomobil), “ağıllı” kondisionerlərin, soyuducuların, digər məişət cihazlarının, həyat üçün zəruri olan texnikaların yaradılması və “ağıllı” ön sözünü hər şeyə əlavə edib onun tətbiqini reallaşdırılmaqdır. Hətta, Xiaomi şirkəti, tezliklə “ağıllı” unitaz da istehsal edəcək. Ətrafdakı hər bir əşya artıq “ağıllı” olur. Amazon, satıcılara ehtiyacı olmayan “ağıllı” mağazalar şəbəkəsi yaratmaq istəyir. Hələ 1982-ci ildə ilk olaraq belə fikirlər irəliyə sürülməyə başlamışdır. Massaçusets Texnologiya İnstitutu nəzdində işləyən araşdırma qrupu, 1999-cu ildə Procter & Gamble şirkətinin rəhbərləri üçün hazırladığı təqdimatda Əşlayların İnterneti (Internet of Things, və ya İoT) konsepsiyasının məzmunu və ideyaları ilə bağlı olan terminləri ilk dəfə olaraq təqdim etmişdi.


İnsanların deyil, əşyaların interneti.

Gəlin təxəyyül etməyə davam edək. Təsəvvür edin, mağazaya girirsiniz. Orada RFID çipi ilə bərkidilmiş etiketli məhsulları götürürsünüz. Mağazadan çıxdıqda, xüsusi sensorlar bu çipləri uzaqdan oxuyur, məhsulların sayını, çəkisini, növünü və qiymətini təyin edir. Məlumatı internet vasitəsi ilə telefonunuzda qurulan xüsusi tətbiqə ötürür, tələb olunan pullar bank hesabından götürülür. Nəticədə mağaza, telefon istehsalçısı və bank sizin aldığınız məhsullar barəsində bütün məlumatları əldə edir.

Başqa misal çəkək. Elektriklə və ya benzinlə işləyən “ağıllı” avtomobilinizə oturursunuz. İnternetə daim qoşulu olan “ağıllı” avtomobil hər saniyə böyük həcmli məlumatları emal edir və 5G-nin köməyi ilə məlumatları müvafiq mərkəzi serverlərə ötürür. Avtomobilinizin istehsalçısı yaşadığınız, işlədiyiniz və ya oxuduğunuz yerləri, ümumiyyətlə, haradan gəldiyinizi və ya hara getdiyinizi, avtomobili sürmək davranışınızın necə olduğunu və hansı yerlərdə tez-tez dayandığınız haqqında məlumatları toplayır.

Ağıllı saatınız, atılmış addımların miqdarını, ürək döyüntüsünü təyin edir və bu məlumatı internetlə istehsalçı ilə paylaşır. Ağıllı saatlar bunu indi də edir, ancaq 5G bağlantısının sahəsində internetdə məlumatların emalı real vaxt rejimində baş verəcək.

Təsəvvür edək ki, evinizdə də oxşar vəziyyətdir. “Ağıllı” ev, işıqları və kondisioneri yandırmaqla, sevdiyiniz musiqi ilə sizi qarşılayır. Aldığınız məhsulları “ağıllı” soyuducuya yerləşdirirsiniz. O da məhsulların növünü və keyfiyyətini təyin etməklə, soyutma temperaturunu daha yaxşı tənzimləyərək məhsulun keyfiyyətli qalmasını təmin edir. Soyuducu, məhsulun nə vaxt xarab olduğunu və ya istifadə müddətinin bitməsinə neçə gün qaldığını söyləyə bilər. Hətta sağlam yemək sahəsində sizə müəyyən tövsiyələr verə bilər. Bunun üçün əlbəttə ki, daim internetə qoşulu olması lazım olacaq.

Başqa bir mənzərəni təsəvvür edək – Google assistenti, Siri, Aleksa və Alisa kimi “ağıllı” köməkçinizdən zəng et, internetdə lazımi məlumatları tap, bu həftə ərzində olan görüşləri xatırlat və s. kimi tapşırıqlarınızı yerinə yetirməsini istəyirsiniz. Bütün toplanılan məlumatlar istehsalçının məlumat mərkəzlərinə ötürüləcək. “Ağıllı” köməkçinin sorğunuza cavab verməsi üçün dayanmadan səsə qulaq asması vacibdir. Buna görə də sizin nəinki telefonunuzla olan, həm də ətrafda baş verən söhbətlərinizi dinləyib və lazım olduğu təqdirdə istehsalçılar tərəfində əldə etmək mümkün olacaq. Bunlar hazırda da baş verir. Ancaq 5G texnologiyası ilə məlumatların miqdarı yüz qat artacaq.

Ərzaq mağazasında olduğu kimi bir ssenari həmçinin geyim mağazasına da şamil edilə bilər. Hətta, “ağıllı” geyim etiketləri, “ağıllı” dolaba yalnız seçimləriniz haqqında məlumatı oxumağa deyil, həm də hava şəraitinə uyğun olaraq hansı paltarı geyinmək lazım olduğunu məsləhət görə bilər.

Yəqin ki, son zamanlarda “Bulud” hesablamaların kifayət qədər yüksək sürətlə inkişaf etdiyini görürsünüz. Tezliklə smartfonunuzda məlumatları emal etmək üçün mərkəzi prosessora ehtiyac olmayacaq. Cihaz sadəcə ekrandan və 5G modemdən ibarət olacaq. Təsəvvür edin ki, sizin smartfonunuzda baş verən proseslər “buludlarda” yerinə yetiriləcək və bu halda hər il yeni smartfon almağa da ehtiyac olmayacaq. Tapşırığınızı yerinə yetirmək üçün istənilən güc “buludlar” vasitəsi ilə təmin ediləcək. Siz elə indi də “bulud” sistemindən istifadə edərək, video oyunlar oynaya, film seyr edə və ya musiqi dinləyə bilərsiniz. Google, daxili prosessora və yaddaşa malik olmayan noutbuku, planşeti və telefonu istehsal etməyi çoxdan planlaşdırır. 5G texnologiyası istənilən miqyasda tapşırıqların gecikmədən “buludlularda” yerinə yetirilməsini təmin edəcək. Ancaq bunun mənfi cəhəti də var. İnternet olmadıqda noutbuk və ya smartfondan istifadə edə bilməyəcəksiniz.

İnanıram ki, internet bu cür inkişafı ilə sonunda radio və televiziya yayımı kimi ödənişsiz və ya çox ucuz olacaq. İnternetə siz rabitə üçün deyil, istifadə etmək istədiyiniz məzmun və xidmət üçün ödəniş edəcəksiniz.

Haqqımızda toplanmış bütün məlumatlar “onlara” düzgün reklam göstərməyə, mallarının və ya xidmətlərinin daha çoxunu satmağa, bir sözlə, bizdən daha çox pul qazanmağa imkan verəcəkdir. Daha yaxşı tanıyaraq “onlar” tək siyasi deyil, həm də iqtisadi ideyalarını bizə asanlıqla qəbul etdirə biləcəklər. Haqqımızdakı kütləvi məlumatlar “onlara” kütləni düzgün nəzarət altında saxlamağa imkan verəcəkdir.

5G texnologiyası ilə təmin olunacaq 100 qat internet sürəti, sadəcə bir cihazda internet sürətinin 100 dəfə artırmaq deyil, tam əksinə hər bir evdə internetə qoşulan cihazların sayını 100 dəfə artmaq məqsədini daşıyır.

İnternet bağlantıları internet xidmət provayderlər tərifindən həyata keçirilir, deməli, bütün məlumatlar şifrlənsə də, həm provayderlər, həm də dövlət tərəfindən əl çatan olacaqdır.

Bütün bunlara əsaslanaraq qeyd etmək istərdim ki, yeni 5G texnologiyası əslində bir virusdur, lakin bu gün çoxlarının narahat olduğu virus deyil. Şəxsi həyatımıza hücum edən, yavaş-yavaş, şübhəsiz ki, sonunda məhv edəcək texnoloji virusdur.

Dostlar, elektromaqnit dalğalarından qorxmayaq və nə qədər ki, mümkündür, şəxsi həyatımızdan zövq alaq.

Recommended Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.